Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini və digər əməkdaşları 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində döyüşlərdə şəhid olmuş Abbas Qasımovun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Abbas Qasımov “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Abbas Qasımlının ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.