Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Anar İsrafil oğlu İsrafilovun ailəsini ziyarət edib.
Ağdaş rayonunda anadan olan Anar İsrafilov Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. O, 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.