Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva 44 günlük Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuş baş leytenant Rövşən Nurzadənin ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Rövşən Nurzadə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət rəisin müavini ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Rövşən Nurzadənin ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.