Şəhid Ramin Kərimli və Allahverdi Tağıyevin İmişli şəhərində yaşayan ailələri ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Kərimli Ramin Əli oğlunun və Tağıyev Allahverdi Əkbər oğlunun ailələrini ziyarət edib.
R.Kərimli döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”, A.Tağıyev isə “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Ziyarət edilən ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib, onlar həm sosial ödənişlərlə, həm də işlə təmin edilib.
Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.