Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Sultan Mikayıl oğlu İbrahimovun ailəsini ziyarət edib.
Sultan İbrahimov 2020-ci il oktyabrın 21-də Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları, eləcə də “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.