Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini və digər əməkdaşlar Vətən müharibəsi şəhidi Vüsal Qüdrət oğlu Məmmədovun ailəsini ziyarət ediblər.
Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vüsal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.