Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəki şəhərində işəgötürənlər üçün “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil olunub.
Görüşdə Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Şəki-Zaqatala regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 70-ə yaxın nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Əmək münasibətlərinin leqallaşdırılması və sosial rifahın artırılması baxımından maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Tədbirdə həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.
Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, qəbul edilmiş yeni qanunvericilik aktlarının əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması və əmək bazarında şəffaflığın artırılmasıdır. Dəyişikliklərin tətbiq mexanizmləri və praktik icra məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə görülən işlər barədə məlumat təqdim edilib, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək, eləcə də yeni qəbul edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.