Naxçıvan Muxtar Respublikasında məktəb direktorları və təhsil sahəsində çalışan digər şəxslər üçün iş yerlərində əməyin mühafizəsi üzrə maarifləndirici təlim təşkil olunub.
Təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr edilib.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının iştirakı ilə keçirilib.
Təlimdə müxtəlif müəssisələri təmsil edən 35 nümayəndə iştirak edib. Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub. Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.