Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə fəaliyyətini davam etdirir.
Bu istiqamətdə növbəti təlim Quba Dövlət Sosial İqtisadi Kollecində keçirilib. İki növbə şəklində təşkil olunan görüşə kollecin tələbə və müəllim heyətindən ibarət 160-a yaxın iştirakçı qatılıb.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən keçirilən maarifləndirici təlim çərçivəsində əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər barədə geniş məlumat təqdim olunub.
Təlimdə həmçinin gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması, hüquqi biliklərin artırılması və peşə təhlükəsizliyi sahəsində mövcud qanunvericilik tələbləri kimi mövzular müzakirə olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.