Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Tovuz şəhərində işəgötürənlər üçün “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə təhsil, səhiyyə və yerli strukturların nümayəndələri, həmçinin Qazax-Tovuz regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 30-a yaxın nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqları, işəgötürənlərin bu sahədə öhdəlikləri barədə geniş məlumat verilib. Eyni zamanda, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması məsələləri müzakirə olunub.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə görülən işlər barədə məlumat təqdim edilib, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək, eləcə də yeni qəbul edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.