Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikasının Rəhbərlik və Təftiş İdarəsində rəsmi görüşlərdə və təcrübə mübadiləsi proqramında iştirak edib.
Səfər çərçivəsində tərəflər arasında əmək qanunvericiliyinə nəzarət mexanizmləri və daxil olan şikayətlərin araşdırılması prosedurları, əməyin mühafizəsi üzrə risk qiymətləndirməsi metodologiyaları, eləcə də qeyri-formal məşğulluqla mübarizə və məlumat sistemlərinin idarə olunması istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Bundan əlavə, nümayəndə heyəti Türkiyənin müfəttişlik sistemi, rəqəmsal nəzarət imkanları və institusional koordinasiya mexanizmləri ilə bağlı təqdimat və praktiki sessiyalarda iştirak edib.
Keçirilən təcrübə mübadiləsi əmək müfəttişliyi sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və hər iki ölkə arasında əmək münasibətlərinin tənzimlənməsi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında 2024–2025-ci illər üçün imzalanmış Tədbirlər Planının 15-ci bəndində nəzərdə tutulan “İş yerlərində əmək qanunvericiliyinə riayət edilməsinin yoxlanılması metodologiyası üzrə təcrübə mübadiləsi” tapşırığının icrası məqsədilə həyata keçirilib.