Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün təşkil edilən əməyin mühafizəsinə dair növəti təlim proqramı yekunlaşıb.
Beş gün davam edən təlimlərin sonunda iştirakçılar komandalar üzrə qrup işlərini təqdim ediblər. Təlim proqramının ikinci mərhələsində ÇASGEM-in ekspertləri Metin Cudi Yardımcı və Cem Karaarslan əməyin mühafizəsi üzrə beynəlxalq qanunvericilik əsasında təqdimatlarla çıxış ediblər. Təlim iştirakçılarına “Hündürlükdə iş zamanı təhlükə və risklər”, “İnşaatda təhlükəsiz iş və təhlükəsizlik anlayışı” və digər mövzular üzrə bilik və bacarıqlar aşılanıb. Sonda təlim iştirakçıları proqrama uyğun olaraq setifikatlarla təltif olunublar.
Qeyd edək ki, ümumilikdə beş gün davam edəcək təlim proqramı Beynəlxalq Əmək Təşkilatının 155 və 187 nömrəli Konvensiyalarının tələbləri çərçivəsində təşkil olunur. Təlimlərin əsas məqsədi əməyin mühafizəsi sahəsində peşəkar biliklərin artırılması, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsidir.