Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirlərinə başlanılıb.
İlk tədbir Nərimanov rayonu 212 nömrəli tam orta məktəbdə təşkil olunub. Tədbirdə 160 şagird və pedaqoji heyət üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Əməyin mühafizəsi qaydalarına düzgün riayət olunmasının sağlamlığın qorunmasında və əmək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.
Tədbirin sonunda mövzular üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.