Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Salyanda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi uşaqların və işəgötürənlərin uşaq əməyinin istismarının qarşısının alınması sahəsində maarifləndirilməsi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının təmini sahəsində rolu barədə məlumatlandırılması olub.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib. Çıxış edən Xidmətin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Daxili İşlər Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional bölmələrinin nümayəndələri uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, uşaq hüquqları barədə iştirakçılara geniş məlumat verib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” və “Uşaqların əmək hüquqları” mövzularında videoçarxlar nümayiş olunub.
Sonda iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu da iştirakçıların diqqətinə çatdırılıb.