Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların əmək hüquqları mövzusunda təlimlər təşkil edib.
“Könüllü DOST“ proqramının iştirakçıları üçün təşkil olunan təlimlərin əsas məqsədi 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması, uşaqların əmək hüquqlarının qorunması işinin yaxşılaşdırılması və uşaq əməyinin istismarının qarşısının alınması sahəsində maarifləndirmə işinin genişləndirilməsindən ibarətdir.
Təlimlərdə iştirakçılara uşaqların əmək hüquqlarının yaranma tarixi, hazırda qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulan hüquqlar, təminat və güzəştlər, dövlət tərəfindən uşaqların əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.
Bundan əlavə, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaqların əmək hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirilməsi iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzu ilə bağlı tövsiyələr verilib.