Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Romir Rəşadət oğlu Əliyevin ailəsi ziyarət edilib
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Romir Rəşadət oğlu Əliyevin ailəsini ziyarət edib.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olan Romir Əliyev Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlı rayonu uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.