Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Xırdalan şəhərində təşkil edilən görüşdə 200-dək şəxs iştirak edib. Xidmətin Abşeron-Xızı regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər. Bildirilib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi bildirişi Nazirliyin “Əmək Münasibətləri və Məşğulluq” altsisteminə daxil edilərək qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra yaranır. Öncə işçi ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanır, müqavilənin bildirişi elektron qaydada qeydiyyata alındıqdan sonra işçi işə başlaya bilər.
İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.